Konfrans iştirakçıları
əvvəlcə Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri Heydər Əliyevin
xatirəsini ehtiramla anmış, məzarı önünə tər güllər qoymuşlar. Görkəmli
oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üstünə gül dəstəsi
düzülmüşdür.
Sonra təhsil işçiləri
Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda
mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad
etmişlər.
Baş nazirin müavini
Elçin Əfəndiyevin, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının
humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadənin, Milli Məclis
deputatlarının, müvafiq nazirliklərin nümayəndələrinin, ali və orta ixtisas
təhsili müəssisələri rəhbərlərinin, təhsil ictimaiyyətinin və beynəlxalq
təşkilatların təmsilçilərinin iştirak etdikləri konfrans Azərbaycan
Respublikasının dövlət himninin səsləndirilməsi ilə
başlamışdır.
Konfransı giriş sözü
ilə açan təhsil naziri Misir Mərdanov xalqımızın ümummilli lideri, müstəqil
dövlətimizin memarı və qurucusu Heydər Əliyevin doğma Vətən və xalq qarşısındakı
tarixi xidmətlərini vurğulamışdır. Dahi rəhbər Heydər Əliyev siyasətinin uğurlu
nəticələrini xatırladan nazir, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bu
siyasətin uğurla davam etdirildiyini söyləmişdir. O, Azərbaycanın dinamik
inkişaf etdiyini vurğulamış, ölkəmizdə qazanılan nailiyyətlərdən
danışmışdır.
Əsası ulu öndər Heydər
Əliyev tərəfindən qoyulmuş uğurlu islahatlardan bəhs edən Misir Mərdanov
bildirmişdir ki, son illərdə təhsilin müasir infrastrukturunun yaradılması və
möhkəmləndirilməsi istiqamətində çox əhəmiyyətli addımlar atılmışdır. Bu iş bu
gün də davam etdirilir.
Təmsil etdiyi
beynəlxalq təşkilatın fəaliyyəti barədə məlumat verən YUNİSEF-in Azərbaycandakı
nümayəndəliyinin rəhbəri Mark Hervord bu qurumun ölkəmizin Təhsil Nazirliyi ilə
əməkdaşlıq əlaqələrinin əhəmiyyətindən danışmışdır. Qeyd etmişdir ki, bu
əməkdaşlıq bir çox irimiqyaslı islahatların həyata keçirilməsinə öz töhfəsini
vermişdir. M.Hervord eyni zamanda, Azərbaycanın müvafiq təhsil müəssisələrində
reallaşdırılan layihələrdən bəhs etmişdir.
Konfransda ali və orta
ixtisas təhsili müəssisələrinin, ümumtəhsil məktəblərinin, məktəbəqədər təhsil
ocaqlarının, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının nümayəndələri çıxış edərək
təhsildə qazanılan uğurlardan, bu sahədəki mövcud problemlərdən
danışmışlar.
Məktəblərin
infrastrukturunun yeniləşdirilməsində və təhsilin inkişafında Heydər Əliyev
Fondunun rolu xüsusi vurğulanmışdır. Bildirilmişdir ki, Heydər Əliyev Fondunun
prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı
Mehriban xanım Əliyeva təhsil sahəsinə daim böyük diqqət və qayğı göstərir.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə son illərdə ölkəmizdə müasir tələblərə
cavab verən çoxlu sayda yeni məktəb binaları tikilib istifadəyə verilmiş və
lazımi avadanlıqla təchiz olunmuşdur.
Ölkəmizdə ali təhsilin
inkişafı ilə bağlı həyata keçirilən proqram və layihələr barədə məlumat
verilərək diqqətə çatdırılmışdır ki, 2005-ci ildə Azərbaycan Avropa təhsil
məkanına – Bolonya prosesinə qoşulmuş və hazırda bu prosesin tələblərinə uyğun
olaraq təhsil müəssisələrində tədbirlər həyata keçirilir.
"2007-2015-ci illərdə
Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”
çərçivəsində 800-dək azərbaycanlı gənc Türkiyə, Almaniya, ABŞ, Fransa, Kanada,
Rusiya, Böyük Britaniya və digər ölkələrin nüfuzlu universitetlərində təhsil
almağa göndərilmişdir. Onların bir qismi təhsilini uğurla başa vuraraq doğma
Vətənə qayıtmışdır.
Ali məktəblərdə
aparılan elmi-tədqiqatlar barədə məlumat verilərək bildirilmişdir ki, 2010-cu
ildən başlayaraq elmin maliyyələşməsinin yeni mexanizmi tətbiq olunmuşdur.
Elmi-tədqiqat layihələrinin Azərbaycan Respublikasının Prezidenti yanında Elmin
İnkişafı Fondu vasitəsilə həyata keçirilməsi üçün son 2 ildə hər il üçün dövlət
büdcəsindən 6 milyon manatdan artıq vəsait ayrılmışdır. 2010-cu və 2011-ci
illərdə bu fond tərəfindən elan olunmuş müsabiqələrdə ali məktəb alimləri 22
qrant layihələrinin qalibi olmuşlar. 2010-cu ildə təhsil sistemində çalışan
alimlərimiz 37 beynəlxalq layihədə iştirak etmişlər. Yalnız Bakı Dövlət
Universiteti ayrı-ayrı fondların maliyyə dəstəyi ilə 5 milyon manat dəyərində 35
beynəlxalq layihə həyata keçirir. Alimlər tərəfindən 436 monoqrafiya, 338
dərslik, 620 dərs vəsaiti, 1421 adda proqram və metodik ədəbiyyat nəşr
etdirilmişdir.
Tomson Röyter
agentliyinin Elmi İnformasiya İnstitutunun bazasına daxil olan jurnallarda
Təhsil Nazirliyi sistemində çalışan alimlər tərəfindən son 3 ildə nəşr
etdirilmiş elmi məqalələrin sayı 3 dəfə artmışdır. İl ərzində nəşr olunmuş 260
məqalədən 136-sı Bakı Dövlət Universitetinin, 53-ü Azərbaycan Dövlət Neft
Akademiyasının, 37-si Azərbaycan Texniki Universitetinin payına
düşür.
Müvafiq qərara əsasən,
Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən 19 dövlət, 5 özəl ali təhsil
müəssisəsində, Təhsil Problemləri İnstitutunda doktorantura yaradılmışdır. Yeni
doktoranturalara ilk qəbul bu ilin payız aylarında
keçiriləcəkdir.
Təhsil sistemində
aparılan islahatların əhəmiyyəti diqqətə çatdırılmışdır. Qeyd edilmişdir ki,
ölkəmizin ümumtəhsil məktəblərinin ibtidai siniflərində tədris yeni fənn
proqramları (kurikulumları) və dərslik dəstləri əsasında aparılır. Bu müddətdə
40 min nəfərə yaxın müəllim xüsusi proqramlar üzrə öyrədici təlim kurslarından
keçirilmiş, bölgələrdə müəllim və valideynlər üçün maarifləndirmə mərkəzləri
təşkil olunmuşdur. Ümumtəhsil məktəblərinin I-IV sinifləri üçün fənn
kurikulumlarının tətbiqinə başlandıqdan sonra V-XI siniflər üçün də eyni
məzmunlu sənədlərin hazırlanması istiqamətində iş aparılmışdır. V-XI siniflərin
fənn proqramları (kurikulumları) ictimai müzakirədən keçirilərək bu ilin
iyununda təsdiq edilmişdir.
2010-2011-ci dərs
ilində qızıl və gümüş medala layiq görülmüş 53 məzun və 49 nəfər respublika fənn
olimpiadası qalibindən 47-si növbəti tədris ili üçün ali təhsil müəssisələrinə
keçirilmiş qəbul imtahanlarında yüksək bal toplayaraq ali məktəblərə qəbul
olunmuşdur.
Məktəbəqədər təhsildən
bəhs edilərək bildirilmişdir ki, təhsilin bu sahəsi də daim diqqət mərkəzində
olmuşdur. Respublikamızda 112 min 892 uşağın cəlb olunduğu 1638 məktəbəqədər
təhsil müəssisəsi fəaliyyət göstərir. Ayrı-ayrı uşaq bağçalarında əsaslı təmir
işləri aparılmış, məktəbəqədər təhsil müəssisələrinə cəlb olunan uşaqların sayı
artmışdır. Özəl bağçaların sayı 24-ə çatmışdır.
Ölkə üzrə uşaqların
məktəbəqədər təhsillə əhatə səviyyəsi 2009-cu ildə 15,8 faiz olduğu halda,
hazırda bu rəqəm 17,6 faiz təşkil edir. Bakı şəhəri üzrə məktəbəqədər təhsil
müəssisələrinə cəlb olunmuş uşaqların sayı 2009-cu ildəki 31.102 nəfərdən bu il
34.369 nəfərə çatmış, əhatə səviyyəsi 26 faizi ötmüşdür.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təsdiq olunmuş "2011-2013-cü
illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair
Dövlət Proqramı”na əsasən, 53 uşaq bağçasında əsaslı təmir işləri aparılır və bu
işin ilin sonunadək başa çatdırılması nəzərdə tutulur.
Məktəblilərin
beynəlxalq olimpiadalarda qazandıqları uğurlardan danışılaraq bu sahədə
nailiyyətlərin artırılmasının, xüsusi istedada malik uşaqların yaradıcı
potensialının inkişafı istiqamətində görülən işlərin əhəmiyyəti nəzərə
çarpdırılmışdır. Məruzələrdə təhsil sisteminin informasiyalaşdırılmasından, bu
sahədə həyata keçirilən layihələrdən, milli təhsil portalının yaradılmasından,
texniki peşə təhsilinin inkişafından və digər məsələlərdən də bəhs
olunmuşdur.
Konfransda ölkənin ali
və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələri haqqında
məlumat verilmişdir. Bildirilmişdir ki, 1992-2011-ci illər üzrə plan yerləri və
abituriyent ərizələrinin dinamikasının müqayisəli təhlili bu illər ərzində ali
məktəblərin qəbul planının 85,24 faiz, abituriyent ərizələrinin sayının isə 2,
67 dəfə artdığını göstərmişdir. Ali təhsil müəssisələri üçün ən çox plan yerləri
2011-ci ildə, ən az plan yerləri isə 1993-cü ildə ayrılmışdır. Abituriyent
ərizələrinin sayı isə ən az 1992-ci, ən çox 2008-ci ildə olmuşdur.
Bu il qəbul planı 97 faiz yerinə yetirilmişdir. Yüksək müsabiqə vəziyyəti ilə əlaqədar olaraq ən yüksək keçid balı I qrupda Qafqaz Universitetinin kompyuter mühəndisliyi (667 bal), II qrupda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) menecment (660 bal), III qrupda DİA-nın hüquqşünaslıq (646 bal) və IV qrupda Azərbaycan Tibb Universitetinin müalicə işi (541 bal) ixtisasları üzrə olmuşdur.
Bu il qəbul planı 97 faiz yerinə yetirilmişdir. Yüksək müsabiqə vəziyyəti ilə əlaqədar olaraq ən yüksək keçid balı I qrupda Qafqaz Universitetinin kompyuter mühəndisliyi (667 bal), II qrupda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) menecment (660 bal), III qrupda DİA-nın hüquqşünaslıq (646 bal) və IV qrupda Azərbaycan Tibb Universitetinin müalicə işi (541 bal) ixtisasları üzrə olmuşdur.
Məzunların ali
məktəblərə qəbul imtahanlarındakı nəticələrində də müsbət dəyişikliklər nəzərə
çarpır. Bu il 1540 abituriyent qəbul imtahanlarında 600-dən yüksək bal
toplamışdır. Onlar respublikanın 73 regionundan 65-ni təmsil edirlər. Bu il ən
yüksək nəticə Bakı, Sumqayıt şəhərlərinə və Qax rayonuna
məxsusdur.
Respublikanın 26 dövlət
və 10 özəl ali təhsil müəssisəsinin magistratura səviyyəsinə qəbul aparılmışdır.
Qəbul planı 73,52 faiz yerinə yetirilmişdir. Tam və ümumi orta təhsil bazasında
orta ixtisas təhsili müəssisələrinə qəbul başa çatmış və qəbul planı 96,7 faiz
dolmuşdur.
Tədbirdə xaricdə təhsil
alan tələbələrin nümayəndələri çıxış edərək onlara göstərilən diqqət və qayğıya
görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını
bildirmişlər.
Konfransda təhsilin
inkişafı ilə bağlı təkliflər verilmişdir.