“Gülüstan” sarayında rəhbər təhsil işçilərinin respublika konfransı - 4 Сентября 2011 - Musayeva Gülər
Şənbə, 03.12.2016, 03:22
Xoş gəlmisiniz Qonaq | 

Musayeva Gülərin həmkara dəstək web saytı

Statistika / online

Online 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Ana Səhifə» 2011 » Sentyabr » 4 » “Gülüstan” sarayında rəhbər təhsil işçilərinin respublika konfransı
21:55
“Gülüstan” sarayında rəhbər təhsil işçilərinin respublika konfransı
Konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla anmış, məzarı önünə tər güllər qoymuşlar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üstünə gül dəstəsi düzülmüşdür.
Sonra təhsil işçiləri Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad etmişlər.
Baş nazirin müavini Elçin Əfəndiyevin, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadənin, Milli Məclis deputatlarının, müvafiq nazirliklərin nümayəndələrinin, ali və orta ixtisas təhsili müəssisələri rəhbərlərinin, təhsil ictimaiyyətinin və beynəlxalq təşkilatların təmsilçilərinin iştirak etdikləri konfrans Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlamışdır.
Konfransı giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov xalqımızın ümummilli lideri, müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin doğma Vətən və xalq qarşısındakı tarixi xidmətlərini vurğulamışdır. Dahi rəhbər Heydər Əliyev siyasətinin uğurlu nəticələrini xatırladan nazir, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bu siyasətin uğurla davam etdirildiyini söyləmişdir. O, Azərbaycanın dinamik inkişaf etdiyini vurğulamış, ölkəmizdə qazanılan nailiyyətlərdən danışmışdır.
Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş uğurlu islahatlardan bəhs edən Misir Mərdanov bildirmişdir ki, son illərdə təhsilin müasir infrastrukturunun yaradılması və möhkəmləndirilməsi istiqamətində çox əhəmiyyətli addımlar atılmışdır. Bu iş bu gün də davam etdirilir.
Təmsil etdiyi beynəlxalq təşkilatın fəaliyyəti barədə məlumat verən YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Hervord bu qurumun ölkəmizin Təhsil Nazirliyi ilə əməkdaşlıq əlaqələrinin əhəmiyyətindən danışmışdır. Qeyd etmişdir ki, bu əməkdaşlıq bir çox irimiqyaslı islahatların həyata keçirilməsinə öz töhfəsini vermişdir. M.Hervord eyni zamanda, Azərbaycanın müvafiq təhsil müəssisələrində reallaşdırılan layihələrdən bəhs etmişdir.
Konfransda ali və orta ixtisas təhsili müəssisələrinin, ümumtəhsil məktəblərinin, məktəbəqədər təhsil ocaqlarının, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının nümayəndələri çıxış edərək təhsildə qazanılan uğurlardan, bu sahədəki mövcud problemlərdən danışmışlar.
Məktəblərin infrastrukturunun yeniləşdirilməsində və təhsilin inkişafında Heydər Əliyev Fondunun rolu xüsusi vurğulanmışdır. Bildirilmişdir ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva təhsil sahəsinə daim böyük diqqət və qayğı göstərir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə son illərdə ölkəmizdə müasir tələblərə cavab verən çoxlu sayda yeni məktəb binaları tikilib istifadəyə verilmiş və lazımi avadanlıqla təchiz olunmuşdur.
Ölkəmizdə ali təhsilin inkişafı ilə bağlı həyata keçirilən proqram və layihələr barədə məlumat verilərək diqqətə çatdırılmışdır ki, 2005-ci ildə Azərbaycan Avropa təhsil məkanına – Bolonya prosesinə qoşulmuş və hazırda bu prosesin tələblərinə uyğun olaraq təhsil müəssisələrində tədbirlər həyata keçirilir.
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 800-dək azərbaycanlı gənc Türkiyə, Almaniya, ABŞ, Fransa, Kanada, Rusiya, Böyük Britaniya və digər ölkələrin nüfuzlu universitetlərində təhsil almağa göndərilmişdir. Onların bir qismi təhsilini uğurla başa vuraraq doğma Vətənə qayıtmışdır.
Ali məktəblərdə aparılan elmi-tədqiqatlar barədə məlumat verilərək bildirilmişdir ki, 2010-cu ildən başlayaraq elmin maliyyələşməsinin yeni mexanizmi tətbiq olunmuşdur. Elmi-tədqiqat layihələrinin Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu vasitəsilə həyata keçirilməsi üçün son 2 ildə hər il üçün dövlət büdcəsindən 6 milyon manatdan artıq vəsait ayrılmışdır. 2010-cu və 2011-ci illərdə bu fond tərəfindən elan olunmuş müsabiqələrdə ali məktəb alimləri 22 qrant layihələrinin qalibi olmuşlar. 2010-cu ildə təhsil sistemində çalışan alimlərimiz 37 beynəlxalq layihədə iştirak etmişlər. Yalnız Bakı Dövlət Universiteti ayrı-ayrı fondların maliyyə dəstəyi ilə 5 milyon manat dəyərində 35 beynəlxalq layihə həyata keçirir. Alimlər tərəfindən 436 monoqrafiya, 338 dərslik, 620 dərs vəsaiti, 1421 adda proqram və metodik ədəbiyyat nəşr etdirilmişdir.
Tomson Röyter agentliyinin Elmi İnformasiya İnstitutunun bazasına daxil olan jurnallarda Təhsil Nazirliyi sistemində çalışan alimlər tərəfindən son 3 ildə nəşr etdirilmiş elmi məqalələrin sayı 3 dəfə artmışdır. İl ərzində nəşr olunmuş 260 məqalədən 136-sı Bakı Dövlət Universitetinin, 53-ü Azərbaycan Dövlət Neft Akademiyasının, 37-si Azərbaycan Texniki Universitetinin payına düşür.
Müvafiq qərara əsasən, Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən 19 dövlət, 5 özəl ali təhsil müəssisəsində, Təhsil Problemləri İnstitutunda doktorantura yaradılmışdır. Yeni doktoranturalara ilk qəbul bu ilin payız aylarında keçiriləcəkdir.
Təhsil sistemində aparılan islahatların əhəmiyyəti diqqətə çatdırılmışdır. Qeyd edilmişdir ki, ölkəmizin ümumtəhsil məktəblərinin ibtidai siniflərində tədris yeni fənn proqramları (kurikulumları) və dərslik dəstləri əsasında aparılır. Bu müddətdə 40 min nəfərə yaxın müəllim xüsusi proqramlar üzrə öyrədici təlim kurslarından keçirilmiş, bölgələrdə müəllim və valideynlər üçün maarifləndirmə mərkəzləri təşkil olunmuşdur. Ümumtəhsil məktəblərinin I-IV sinifləri üçün fənn kurikulumlarının tətbiqinə başlandıqdan sonra V-XI siniflər üçün də eyni məzmunlu sənədlərin hazırlanması istiqamətində iş aparılmışdır. V-XI siniflərin fənn proqramları (kurikulumları) ictimai müzakirədən keçirilərək bu ilin iyununda təsdiq edilmişdir.
2010-2011-ci dərs ilində qızıl və gümüş medala layiq görülmüş 53 məzun və 49 nəfər respublika fənn olimpiadası qalibindən 47-si növbəti tədris ili üçün ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarında yüksək bal toplayaraq ali məktəblərə qəbul olunmuşdur.
Məktəbəqədər təhsildən bəhs edilərək bildirilmişdir ki, təhsilin bu sahəsi də daim diqqət mərkəzində olmuşdur. Respublikamızda 112 min 892 uşağın cəlb olunduğu 1638 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Ayrı-ayrı uşaq bağçalarında əsaslı təmir işləri aparılmış, məktəbəqədər təhsil müəssisələrinə cəlb olunan uşaqların sayı artmışdır. Özəl bağçaların sayı 24-ə çatmışdır.
Ölkə üzrə uşaqların məktəbəqədər təhsillə əhatə səviyyəsi 2009-cu ildə 15,8 faiz olduğu halda, hazırda bu rəqəm 17,6 faiz təşkil edir. Bakı şəhəri üzrə məktəbəqədər təhsil müəssisələrinə cəlb olunmuş uşaqların sayı 2009-cu ildəki 31.102 nəfərdən bu il 34.369 nəfərə çatmış, əhatə səviyyəsi 26 faizi ötmüşdür.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təsdiq olunmuş "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən, 53 uşaq bağçasında əsaslı təmir işləri aparılır və bu işin ilin sonunadək başa çatdırılması nəzərdə tutulur.
Məktəblilərin beynəlxalq olimpiadalarda qazandıqları uğurlardan danışılaraq bu sahədə nailiyyətlərin artırılmasının, xüsusi istedada malik uşaqların yaradıcı potensialının inkişafı istiqamətində görülən işlərin əhəmiyyəti nəzərə çarpdırılmışdır. Məruzələrdə təhsil sisteminin informasiyalaşdırılmasından, bu sahədə həyata keçirilən layihələrdən, milli təhsil portalının yaradılmasından, texniki peşə təhsilinin inkişafından və digər məsələlərdən də bəhs olunmuşdur.
Konfransda ölkənin ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələri haqqında məlumat verilmişdir. Bildirilmişdir ki, 1992-2011-ci illər üzrə plan yerləri və abituriyent ərizələrinin dinamikasının müqayisəli təhlili bu illər ərzində ali məktəblərin qəbul planının 85,24 faiz, abituriyent ərizələrinin sayının isə 2, 67 dəfə artdığını göstərmişdir. Ali təhsil müəssisələri üçün ən çox plan yerləri 2011-ci ildə, ən az plan yerləri isə 1993-cü ildə ayrılmışdır. Abituriyent ərizələrinin sayı isə ən az 1992-ci, ən çox 2008-ci ildə olmuşdur.
Bu il qəbul planı 97 faiz yerinə yetirilmişdir. Yüksək müsabiqə vəziyyəti ilə əlaqədar olaraq ən yüksək keçid balı I qrupda Qafqaz Universitetinin kompyuter mühəndisliyi (667 bal), II qrupda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) menecment (660 bal), III qrupda DİA-nın hüquqşünaslıq (646 bal) və IV qrupda Azərbaycan Tibb Universitetinin müalicə işi (541 bal) ixtisasları üzrə olmuşdur.
Məzunların ali məktəblərə qəbul imtahanlarındakı nəticələrində də müsbət dəyişikliklər nəzərə çarpır. Bu il 1540 abituriyent qəbul imtahanlarında 600-dən yüksək bal toplamışdır. Onlar respublikanın 73 regionundan 65-ni təmsil edirlər. Bu il ən yüksək nəticə Bakı, Sumqayıt şəhərlərinə və Qax rayonuna məxsusdur.
Respublikanın 26 dövlət və 10 özəl ali təhsil müəssisəsinin magistratura səviyyəsinə qəbul aparılmışdır. Qəbul planı 73,52 faiz yerinə yetirilmişdir. Tam və ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul başa çatmış və qəbul planı 96,7 faiz dolmuşdur.
Tədbirdə xaricdə təhsil alan tələbələrin nümayəndələri çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Konfransda təhsilin inkişafı ilə bağlı təkliflər verilmişdir.

Bölmə: Rəsmi məlumatlar| Yüklənib: 275 | Əlavə edən: GulerMusayeva|

Şərh yazanlar: 0
 
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Giriş Bölməsi
Təqvim
«  Sentyabr 2011  »
B.eÇ.aÇərC.aCŞBa
   1234
567891011
12131415161718
19202122232425
2627282930
Axtar
     

Designed by Musayeva Gülər ,  © 2016
Создать бесплатный сайт с uCoz